Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 73,6 milyon manat vəsait köçürüb.

İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 9 aylıq ödənişin 53,9 milyon manatı özəlləşdirmə, 19,7 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 48 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 410 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. Bundan başqa, 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Ötən 9 ayda 3 170 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 646-sı qeyri-yaşayış, 2 524-ü isə torpaq sahələrinə aid olub.