Məlum olduğu kimi bir neçə ay öncə Novxanı-Sumqayıt yolunda «Range-Rover» markalı 10-CO-002 nömrə nişanlı avtomobillə bir-neçə şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Elşad Kəlbəliyevin barəsində olan cinayət işi üzrə  ibtidai istintaq yekunlaşıb və iş mahiyyəti üzrə baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Əli Hüseynov işlə bağlı saytmıza açıqlama verib. O təəssüf hissi ilə bildirib ki, Elşad Kəlbəliyevin törətdiyi yol-nəqliyyat hadisəsi və onun öz şəxsiyyəti ilə bağlı ictimaiyyətə verilmiş məlumatlar həqiqətdən uzaqdır:

  "Mediada yayılan məlumatlara görə insanda elə təsəvvür yarana bilər ki, guya hadisəni törətmiş Elşad Kəlbəliyev 20-25 yaşlarında ərköyün bir gəncdir və hadisəni də bu səbəbdən törədib. Həqiqət isə belə deyil! Elşad Kəlbəliyev bir-neçə azyaşlı uşaq atası olmaqla, böyük ailə başçısıdır və onun yaşı artıq 44-ü ötüb. Özü də bizneslə məşğul olan ciddi iş adamıdır. Müvəkkilimin  qardaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğundan, onun uşağına və həyat yoldaşına da özü baxır.

  Yayılan məlumatlarda ən təəssüf doğuran hal isə odur ki, hadisə törədilərkən Elşad Kəlbəliyevin guya sərxoş vəziyyətdə olmasıdır. Bu informasiya yalandır və onun haqqında cəmiyyətdə kifayət qədər mənfi fikrin formalaşmasına səbəb olub. Birmənalı şəkildə bildirirəm ki, Elşad Kəlbəliyev hadisə baş verərkən sükan arxasında tam ayıq vəziyyətdə olub. Hadisədən bir-neçə saat sonra o, dərhal Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin öz laboratoriyasında, ekspertizadan keçirilib və onun qan və digər nümunələrində spirt (alkoqol),  narkotik, psixotrop  tərkibli maddələr aşkar edilməyib."

Müdafiəçi onu da bildirib ki, iş mahiyyəti üzrə baxılmasından ötrü icraatına daxil olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab İlham Mahmudov cinayət işinə, işin halları ilə bağlı yanıldılmış "ictimaiyyət nə deyər" prizmasından yox, "qanun və ədalət" prizmasından baxacaqdır.

Qeyd edək ki, məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.