Belarus Polşa, Latviya və Litva vətəndaşlarına şamil edilən vizasız rejimi daha 35 Avropa ölkəsinə qədər genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublikanın Sərhəd Komitəsi məlumat yayıb.

Məlumata görə, həmin ölkələrdən turistlərin vizasız ölkəyə girişi avtomobil və dəmir yolu keçid məntəqələri vasitəsilə həyata keçiriləcək. Bu halda müvəqqəti qalma üçün icazə verilən müddət 30 gündən çox olmayacaq.

“Əcnəbilər Rusiya Federasiyası istisna olmaqla, üçüncü ölkələrə, o cümlədən hava limanlarında keçid məntəqələri vasitəsilə tranzit keçə bilərlər”, - məlumatda bildirilir.

Qeyd olunur ki, yeni prosedur 2024-cü il iyulun 19-dan dekabrın 31-dək qüvvədə olacaq.