Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 230,2 milyon manat kredit verilib ki, bunun da 64,6 milyon manatı güzəştli ipoteka kreditləridir.

İqtisadiyyat.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu il adi ipoteka kreditləri hesabına 1 710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaxud ailə mənzil şəraitini yaxşılaşdırıb.

6 ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

İndiyə qədər Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.