Naxçıvanda vergi, icbari tibbi və məcburi dövlət sosial sığorta üzrə daxilolmalar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov nazirliyin bu ilin 6 ayında fəaliyyətinin nəticələri barədə çıxışı zamanı deyib.

Qeyd edilib ki, 2024-cü ilin 6 ayında qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyon manat və ya  23,4 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya  31,1 faiz artıb.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya  45,3 faiz çoxdur.

2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.

Cari ilin 6 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 faiz icra edilib.

2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 6,3 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,1 milyon manata yaxın olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 19,7 faiz artıb və 13,5 milyon manat təşkil edib.