Yaponiya hakimiyyəti 2023-cü maliyyə ilində (2024-cü ilin martında başa çatıb) müdafiə büdcəsindən təxminən 130 milyard yen (806 milyon dollar) xərcləməyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bu məbləğ Yaponiyada güclü zəlzələ və sunaminin baş verdiyi 2011-ci ildən bəri ikinci ən böyük məbləğdir. Həmin vaxt hökumət planlaşdırılan müdafiə xərclərinin təxminən 180 milyard yenini (1,11 milyard dollar) xərcləməmişdi.

Agentlik mənbələri qeyd edir ki, Yaponiya Müdafiə Nazirliyi əlaqədar müqavilə və layihələrin sayının həddən artıq artması səbəbindən bəzi büdcə prosedurlarını vaxtında başa çatdıra bilməyib. Hökumət artan müdafiə xərclərini maliyyələşdirmək üçün vergi artımına əl atmağı planlaşdırdığı üçün hökumətin büdcəni xərcləməməsi tənqidlərə məruz qala və ilin sonuna kimi vergi sisteminin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müzakirələrdə irəliləyişə mane ola bilər.

Yaponiyanın 2024-cü il büdcəsi müdafiə xərclərinin əvvəlki maliyyə ilindən təxminən 16,5% artaraq 7,94 trilyon yenaya (49,2 milyard dollar) çatdırılmasını nəzərdə tutur.