İlk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.

Bu barədə qərar ÜADA tərəfindən açıqlanıb.

ÜADA-nın baş direktoru Olivye Niqli bildirib ki, son illər ərzində ÜADA-nın Müstəqil Müşahidəçi Qrupları bir çox beynəlxalq yarışlarda dopinq nəzarəti sisteminin bütövlüyünün və beynəlxalq standartlara uyğunluğunun qorunmasına töhfə verib. Pekin 2022 üçün seçilmiş Müşahidəçi Qrupları ədalətli oyun dəyərlərinə sadiq  və idmançıların ən yaxşı antidopinq proqramından faydalanması istiqamətində çalışan peşəkarlardan ibarətdir. Belə ki, qərara əsasən Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna Azərbaycandan Şəfəq Hüseynli, Olimpiya Oyunlarında isə Böyük Britaniyadan olan Hiteş Patel rəhbərlik edəcək.

Qeyd edək ki, beynəlxalq yarışlarda antidopinq prosesinə Müstəqil Müşahidəçi Qrupu tərəfindən nəzarət edilməsi 2000-ci il  Sidney Olimpiadasından  tətbiq olunur. İndiyədək 50-dən çox beynəlxalq yarışda tətbiq edilən bu sistem dopinq nəzarətinin beynəlxalq standartlara uyğunluğunu monitorinq edən əsas elementlərdən biridir.

Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün yarışlarda  antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən  test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini əyani müşahidə edəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında  nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaq.