Kanada növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları (53,3 milyard dollar) xərcləmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Castin Trüdo Vaşinqtonda NATO sammiti çərçivəsində çıxışı zamanı deyib.

"Bizim yeni müdafiə siyasəti baxışımız növbəti iyirmi il ərzində müdafiə sahəsinə 73 milyard Kanada dolları sərmayə qoyulmasını tələb edir. Bu, Kanadanın alyansa sarsılmaz sadiqliyini nümayiş etdirir", - Trüdo deyib.

Onun sözlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, Kanadanın komandanlığı altında Latviyadakı çoxmillətli NATO batalyonunun döyüş hazırlığını saxlamaq və ukraynalı hərbçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Baş nazirin sözlərinə görə, Ottava 2015-ci ildə ÜDM-in 1%-dən azını təşkil edən müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Trüdo bu göstəricinin ÜDM-in 2%-i olan NATO-nun hədəf səviyyəsinə çatdırılmasının vaxtı ilə bağlı isə nəsə deməyib. Kanada hökuməti aprel ayında bildirib ki, Kanada 2029 və ya 2030-cu ilə qədər ÜDM-in 1,76%-ni müdafiəyə xərcləyəcək.