Plastik tullantılar bu gün planetin üzləşdiyi ən böyük problemlərdən biridir və təsirləri çox genişdir. Bu tullantılar ən hündür dağlardan tutmuş ən dərin okean xəndəklərinə qədər əraziləri çirkləndirə bilər. Plastik tullantılar insan sağlamlığına təsir göstərə, ekosistemləri məhv edə və vəhşi təbiətə, xüsusən də dəniz növlərinə zərər verə bilər. Plastik tullantılar problemi son onilliklərdə bu materialdan istifadə artdığı üçün daha da ağırlaşıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, insanlar hazırda ildə 350 milyon tondan çox plastik tullantı istehsal edir.

Mövcud siyasətlərə dəyişiklik edilməsə, qlobal plastik tullantı istehsalının 2060-cı ilə qədər üç dəfə artaraq 1 milyard tona çatacağı proqnozlaşdırılır.

Əksinə, plastikdən istifadəyə görə vergilərin artırılması və qlobal təkrar emal sistemi kimi yeni tədbirlər və siyasətlər tətbiq olunarsa, bu rəqəm 700 milyon tondan aşağı düşə bilər.

1970-2019-cu illər arasında okeanda təxminən 30 milyon tondan çox, çay və göllərdə isə 100 milyon tondan çox plastik yığılıb. Su yollarında belə böyük miqdarda plastik tullantıların çirklənməsi ekosistemlərə dağıdıcı təsir göstərə bilər. Okeana atılan plastik tullantılarının 80 faizindən çoxu Asiyanın payına düşür.

Araşdırmalara görə, qlobal plastik istehsalı əsrin əvvəlindən bəri iki dəfə artıb. Plastik məhsulların istifadə müddəti orta hesabla 10 il olsa da, plastiklərin tərkibindən və utilizasiyasından asılı olaraq parçalanması 500 ilə qədər çəkə bilər.

Asiya dünyanın ən böyük plastik istehsalçısıdır. Təkcə Çin 2022-ci ildə qlobal istehsalın 32 faizini təşkil edib. Son illərdə Çin hər ay 6 ilə 12 milyon ton plastik məhsul istehsal edib. Şimali Amerika isə 2022-ci ildə 17 faiz payla dünyada ikinci yeri tutub.

Dünyada 1950-ci illərdən bəri plastik istehsalı artıb.

Belə ki, plastik istehsalı 2022-ci ildə rekord səviyyəyə - 400,3 milyon tona çatıb.

Bu da əvvəlki illə müqayisədə təxminən 1,6 faiz artım deməkdir. Bu artımla paralel olaraq plastiklərin bazar dəyəri də yüksəlməyə davam edir.

Ümumilikdə, 1976-cı ildən 2022-ci ilə qədər dünyada bu qədər plastik istehsal edilib:

İllər

Plastik istehsalı

1976

50 milyon ton

1989

100 milyon ton

2002

200 milyon ton

2008

245 milyon ton

2009

250 milyon ton

2010

270 milyon ton

2011

279 milyon ton

2012

288 milyon ton

2013

299 milyon ton

2014

311 milyon ton

2015

322 milyon ton

2016

335 milyon ton

2017

348 milyon ton

2018

370,5 milyon ton

2019

379,8 milyon ton

2020

380,4 milyon ton

2021

394 milyon ton

2022

400,3 milyon ton

 

Qeyd edək ki, Azərbaycan bu ilin yanvar-iyul aylarında 228,5 milyon dollar dəyərində 249,3 min ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 21% azdır.

Bundan əlavə, hesabat dövründə Azərbaycana 301,6 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 94,5 min dollar azdır.

 

Gözəl Həşimova