İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə (STP Şirkətlər Qrupu) daxil olan STP Polimer Zavodunda Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb.

İqtisadiyyat.az İZİA-ya istinadən xəbər verir ki, ilkin mərhələdə sözügedən məhsul 75x8 sm, növbəti mərhələdə isə 45x8 sm ölçüdə istehsal olunacaq. Cari ilin sonunadək 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

İnvestisiya həcmi 619 milyon ABŞ dolları olan STP Şirkətlər Qrupunda hazırda 2000 nəfərə yaxın insan daimi işlə təmin edilib. Şirkət tərəfindən 2017-ci ildən 2024-cü ilin I yarısı daxil olmaqla 972 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 274 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar dünyanın 15-dən çox ölkəsinə (İngiltərə, Kanada, İsveç, Sinqapur, BƏƏ, İraq, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) ixrac edilib.

Qeyd. Delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.