Bakıda dövlət qurumuna məxsus avtomobilin sürücüsü əks yola çıxaraq qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 10-AC-201 qeydiyyat nişanlı "Nissan" markalı xidməti avtomobili idarə edən sürücü fevralın 12-də paytaxtın 20 Yanvar küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman qarşıdan gələn sürücünün yolunu kəsərək ona təhlükə yaradıb. Avtomobilin qabaq hissəsinə quraşdırılmış sayrışan işıqları qoşan sürücü heç nə olmamış kimi yoluna davam edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə avtomobil "Azərenerjikomplektləşdirmə" dövlət qurumuna məxsusdur.
Qeyd edək ki, qanunvericiliyə görə bu qurumun xidməti avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, həmin avtomobildə sayrışan işıqların olması qanunsuz hesab edilir.