İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.

İqtisadiyyat.az Dövlət Xidmətinə istindən xəbər verir ki, iddiaçıların təqdim etdiyi təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Omax Sənaye Qrupu” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.

Qalib şirkətlə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 10 milyon manat vəsaitin köçürəcək, 2 ildə müəssisədə 10 milyon 500 min manatlıq İnvestisiya Proqramı icra edəcək. Proqram çərçivəsində mövcud bina və tikililərin təmiri, mərmər-qranit avadanlıqlarının (onların elektron idarəetmə sistemləri daxil olmaqla) təmiri və ya yenilənməsi, polad boru və profillərin, müxtəlif güclərdə hava kompressorlarının, təzyiqli avtoyuma avadanlıqlarının, istixana komplekslərinin metal konstruksiyalarının istehsalı xəttinin qurulması, habelə bəzi digər istiqamətlərə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə ən azı 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.