Braziliya hakimiyyəti məlumat sızması təhlükəsi ilə əlaqədar Meta Korporasiyasına məxsus “WhatsApp” messencerindən istifadəni dayandırmaq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli “Brasil247” portalı respublika hökuməti yanında Braziliyanın Sənaye İnkişafı Agentliyinin rəhbəri Rikardo Kapelliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyi məlumat ötürülməsinin təhlükəsizliyini artırmaq və onun sızmasının qarşısını almaq məqsədilə yerli İT şirkətləri tərəfindən sosial şəbəkələrin və “WhatsApp”a oxşar messencerlərin inkişafı üçün tender elan edəcək.

“Ordumuz artıq millimizin strateji müdafiə şirkəti tərəfindən hazırlanmış öz mesajlaşma xidmətindən istifadə edir", - deyə R. Kapelli bildirib.

Eyni zamanda, Kapelli qeyd edib ki, Braziliya hökuməti ölkədə messencerin işinə mane olmayacaq: “Biz heç nəyi qadağan etmək istəmirik, biz sadəcə suverenliyimizi müdafiə edirik".

Xatırladaq ki, avqustun 6-da Venesuela Prezidenti Nikolas Maduro “WhatsApp”dan istifadəni dayandıracağına söz verib. 

 

Sadiq Cavadov