ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə döyüş meydanındakı vəziyyəti və Qərbin Kiyevə hərbi yardımı məsələlərini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Qeyd edilib ki, Ostin və Umerov ötən bazar ertəsi telefon danışığı zamanı, xüsusən də döyüş meydanındakı dinamikanı və Ukraynanın həyata keçirdiyi əməliyyatları müzakirə ediblər. Bundan əlavə, onlar Ukraynaya hərbi yardım üzrə təmas qrupunun qarşıdan gələn növbəti iclasına toxunublar.

Bundan əvvəl DPA agentliyi məlumat vermişdi ki, Ramşteyn formatında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun növbəti görüşü sentyabrın 6-da Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında baş tutacaq.