Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi "Gəncə şəhər ərazisində işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satınalınması" tenderinin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi  "GÖYGÖL TİKİNTİ" MMC olub.

Şirkətlə 610.639,52 manat məbləğində müqavilə imzalanacaq.

Qalib şirkətin tender şərtlərinə Gəncə şəhərində yerləşdirilən Qurban Səid küçəsinin işıqlandırılması daxildir. 

Şirkət sözügedən küçənin dayaq və sütunlar üçün bərkitmələr olmadan dərinliyi 0,7 m-ə qədər olan yamacsız çuxurların əl ilə qazılması, qruntun qrupu: 2 (Dayaqaltı bünövrələrin əl ilə qazılması); torpağın əl ilə özüboşaldan-avtomobillərə yüklənməsi və daşınaraq boşaldılması; sütunların altı üçün ümumi təyinatlı beton bünövrələrin qurulması, həcmi: 3 m3-a qədər; polad, ara, sərbəst dayanan, birdirəkli dayaqların qoyulması, kütləsi: 2 t-a qədər (Metal işıq dayaqlarının quraşdırılması); işıq dirəkləri 5 metrlik 1 Led lampalı D=100/89mm qal.4mm və örtük və əsasın sökülməsi: asfalt-beton (Səkidə asfalt qatının sökülməsi) işlərini həyata keçirəcək.

Qeyd edək ki, 2020-ci ildə qeydiyyata alınan şirkət yarandığı qısa müddət ərzində satınalma müsabiqələrində fəal iştirak edib və əsasən Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi seçilib. Son olaraq "GÖYGÖL TİKİNTİ" şirkəti bu il Tovuz rayonunda yolların təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə cəmi 305517.98 manat olmaqla, 5 müqavilə bağlayıb. Bundan əlavə, şirkət bu il Goranboy Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub və nəticədə şirkətlə  364 774 manat məbləğində müqavilə imzalanıb. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

Ötən il isə Laçın Rayonu İcra Hakimiyyətinin keçirdiyi " 552 ailəlik qəsəbəyə gedən yolun abadlıq işlərinin satın alınması" tenderinin qalibi olan "Göygöl Tikinti" MMC ilə 45 930 manatlıq müqavilə imzalanıb. 

Gülşən Şərif