Taksilərlə bağlı təsdiq edilən yeni tələblər bu sahədə fəaliyyət göstərmək istəyənlərin avtomobil seçimində tərəddüd etmələrinə səbəb olub. Əvvəllər avtomobillərlə bağlı yaş, rəng, eləcə də bu kimi digər məhdudiyyətlər olmadığından onlar daha əlverişli və münasib qiymətə nəqliyyat vasitəsini satın alıb istismar edə bilirdilər. İndi isə onlar avtomobil seçimində çətinlik çəkirlər. Çünki idarə edəcəkləri nəqliyyat vasitəsi tələb və kriteriyalara tam cavab verməlidir.

Bəs taksi üçün hansı avtomobillər daha əlverişlidir?

Avto-mütəxəssis Bəhruz Güləli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, təsdiq edilən yeni qaydalardan sonra taksi fəaliyyəti göstərmək istəyənlər yeni avtomobillərə üz tutmağa başlayıb.

Onun sözlərinə görə, bazarda xeyli sayda yeni model avtomobillər mövcuddur. Amma seçim edərkən mütləq nəzərə alınmalı amillər vardır. Mütəxəssis bildirir ki, seçim zamanı ekonom və daha dözümlü avtomobillərə üstünlük verilməlidir.

O, yeni avtomobil almaq istəyən şəxslərə Yaponiya istehsallı markalara üz tutmağı tövsiyə edib: "Seçim edən zaman sürətlər qutusunun variator (pilləsiz sürətlər qutusu) olmasına diqqət edilməlidir. Çünki bu, kifayət qədər qənaət deməkdir. Mühərrikə gəldikdə isə, "plug in hyibrid", "hyibrid" və turbosuz mühərriklərə üstünlük verilməlidir. Eyni zamanda, avtomobil seçimi edən zaman onun ehtiyyat hissələrinin əlçatanlığına və qiymət baxımından da əlverişli olmasına xüsusi diqqət yetirmək lazımdır".

B.Güləli taksi fəaliyyəti üçün hansı avtomobillərin daha əlverişli olmasından da söz açıb. O, əlverişli avtomobillər kimi "Honda Civic", "⁠Toyota Corolla" və "⁠Nissan Sunny" markalarını tövsiyə edib.

Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, taksi daşınmaları üçün hansı nəqliyyat vasitələrinin istifadə edilməsi ilə bağlı konkret olaraq hər hansı bir siyahı yoxdur. O bildirib ki, ümumilikdə taksi minik avtomobillərinə qoyulan tələblərə cavab verən nəqliyyat vasitələrindən istifadə etmək mümkün olacaq:

"Taksilərlə bağlı müəyyən meyarlar nəzərdə tutulub. Həmin meyarlara avtomobillərin təhlükəsizlik tələblərinə, ekoloji normalara cavab verməsi, eləcə də sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən müəyyən məsələlər daxildir. Bundan əlavə, Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə müəyyən işarələrin olması, taksometr quraşdırılması tələb kimi qoyulub. Ümumilikdə, daha yeni, müasir avtomobillərin taksi fəaliyyətində istifadəsinin üstünlükləri çoxdur. Amma yaşı nisbətən daha çox olan, ikinci-üçüncü əl satışıdırsa, həmin avtomobilin təhlükəsizlik tələblərinə cavab verib-verməməsi yoxlanılmalıdır".

Taksi fəaliyyəti üçün marka tələbinin olmadığını vurğulayan ekspert bildirib ki, avtomobillərin müəyyən keyfiyyət nöqteyi-nəzərindən qiymət fərqləri mövcuddur: "Misal üçün, "biznes klass" kimi müəyyən yüksək dərəcəli nəqliyyat vasitələri təbii ki, bahadır. Yəni xidmət keyfiyyəti artıqca həmin keyfiyyətə uyğun nəqliyyat vasitəsinin də standartları olur. Amma qeyd etdiyim kimi, hansı avtomobil olur-olsun təhlükəsizlik tələblərinə və ekoloji normalara, eləcə də nəzərdə tutulan digər meyarlara cavab verməlidir".

F.Eyyubov həmçinin taksi fəaliyyəti üçün əlverişli avtomobillərin qiymətlərindən də danışıb. O, bu gün bazarda demək olar ki, 20-30 min manat civarında yeni və əlverişli nəqliyyat vasitəsinin olmadığını iddia edib.

Ekspert deyir ki, qiymətlər aşağısı 40-50 min manat civarındadır: "Ölkəmizə avtomobillər əsasən xaricdən idxal edildiyi üçün gömrük rüsumları, müəyyən utilizasiya haqlarını da qiymətinin üzərinə gəldikdə baha başa gəlir. Ona görə də müəyyən standartlara uyğun olaraq hər bir adam öz imkanı daxilində, şəraitinə uyğun olaraq həmin daşımalardan kommersiya məqsədilə istifadə edə bilər".

Sadiq Cavadov