Fövqəladə Hallar Nazirliyinin (FHN) elan etdiyi iki tenderin qalibi "Gilan Holdinq"in IT şirkəti olan "Qafqaz Net" MMC olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla da tenderlərə yekun vurulub.

"Qafqaz Net" FHN üçün helikopter eniş meydançasının elektronik idarəolunması üçün cihaz, avadanlıq və texniki vasitələrlə təmin olunmasını həyata keçirəcək.

FHN bunun müqabilində həmin şirkətə 1.373.218,79 manat ödəyəcək.

Bundan əlavə, sözügedən şirkət Nazirliyin Tibb Xidməti hospitalının müasir texnoloji idarəetmə sistemləri üçün cihaz, avadanlıq və texniki vasitələrdə təmin olunmasını həyata keçirəcək.

Bunun müqabilində isə FHN sözügedən şirkətə 2.351.452 manat ödəyəcək.

Qeyd edək ki, 2015-ci ildə təsis edilən “Qafqaz Net” MMC “Gilan Holdinq” daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsini həyata keçirir.

Şirkətinin əsas fəaliyyəti İT həllər, proqramlaşdırma, kommunikasiya (fiber-optik kabelləşmə, daxili şəbəkə, telefoniya, wifi zonaları, kabel tv və iptv, domofon), yüksək cərəyan üzrə elektrik işləri və avtomatlaşdırması, təhlükəsizlik xidmətləri (müşahidə kamera sistemləri, giriş-çıxışlara nəzarət sistemləri – turniket, şlaqbaum, bollard və s.), İnternet servis xidmətləri, Coğrafi İnformasiya Sistemlərin (Nəqliyyatın İzlənməsi Sisteminin, GPS) tətbiqi kimi sahələri əhatə edir.