Yeni mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının, xüsusən də meyvə-tərəvəzlərin qiymətində müəyyən dəyişikliklərin olacağı bildirilir. Bu dövrdə əsasən mövsümi məhsulların ucuzlaşması müşahidə edilir. Bununla yanaşı, ekspertlər bu mövsümdə meyvə-tərəvəzlərin bol olacağı qənaətindədirlər.

İqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a deyir ki, bu il Azərbaycanda meyvə bol olacaq. Onun sözlərinə görə, buna səbəb həm bağların sahəsinin ilbəil genişlənməsi, həm də bu il qışın məhsuldarlıq üçün çox münasib keçməsidir.

Ekspert bildirir ki, qarın yağması, şaxtanın düşməsi təsərrüfatda zərərli həşaratları məvv edir, bu isə öz növbəsində bol məhsuldarlıq üçün geniş imkanlar yaradır:

“Artıq bir neçə gündür ki, bölgələrdə quraqlıq və küləkli hava şəraiti müşahidə olunur. Bu da ağacların daha yaxşı tozlanmasına şərait yaradır. Bu isə meyvə-tərəvəzin ötən ilə nisbətən bir qədər bol olacağından xəbər verir. Lakin bu, qiymətlərin daha çox düşəcəyi anlamına gəlmir. Çünki ilbəil inflyasiya gedir. Bütün məhsulların qiyməti bahalaşır. Kənd təsərrüfatı məhsullarının da qiyməti bazara uyğunlaşmalıdır. Məsələn, keçən il ərik 1 manata qədər ucuzlaşdı, hətta 80 qəpik də oldu. Amma bu il ola bilsin ki biz bunu müşahidə etmədik. Yəni ilbəil inflyasiya getdiyinə görə kənd təsərrüfatı məhsullarının da qiymətinin aşağı həddi yüksəlir. Amma bolluq daha çox olarsa, ola bilsin ki, bəzi məhsullarda keçən ilki qiymətləri müşahidə etdik”.

İqtisadçı həmçinin söyləyib ki, yazın gəlişi ilə meyvə-tərəvəz ilk olaraq nübar kimi bazara çıxır və qiyməti nisbətən baha olur: “Məsələn, çiyələk bazara yeni çıxanda qiyməti 6-7 manat idi, indi isə 3-4 manata düşüb. Həmçinin xiyar əvvəl 3-4 manat idi, indi 1,5-2 manata qədər ucuzlaşıb. Eyni tendensiyanı biz pomidorda da müşahidə edirik. Yeni mövsüm meyvələrindən olan alça indi bir qədər bahadır. Lakin o da getdikcə ucuzlaşacaq. Yəni yeni çıxacaq meyvələr - albalı, gilas, ərik və s. ilkin mərhələdə hamısı bahalaşacaq, amma sonradan ucuzlaşacaq”.

İqtisadçı ekspert Xalid Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bazara çıxma ardıcıllığına uyğun olaraq mövsümi meyvə və tərəvəzlərin ucuzlaşacağı gözlənilir.

Onun sözlərinə görə, açıq havada yetişdirilən meyvə-tərəvəzlər kütləvi şəkildə bazara çıxdıqca onların yetişmə intervalına uyğun olaraq qiymətləri keçən illərdə olduğu kimi ucuzlaşacaq: “Kütləvi şəkildə bazara çıxarılan məhsulların realizasiya etməsi üçün qiymətləri münasib formalaşmalıdır. Yoxsa mövsümi meyvə-tərəvəzlər bazarda yüksək qiymətə təklif edilərsə, alıcılar onu almaq imkanına malik olmayacaqlar. Bu da nəticədə məhsulların xarab olmasına gətirib çıxaracaq. O baxımdan ötən illərdə olduğu kimi eyni dinamikanı bu il də görəcəyik. Meyvələr öz mövsümündə nisbətən ucuz şəkildə bazarda istehlakçılara təklif ediləcək”.

 

Sadiq Cavadov