Şəki Şəhər İcra Hakimiyyətinin (RİH) yeni tikilən inzibati binasının həyətində həmişəyaşıl ağacları və gül kolları əkiləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətinin bununla bağlı elan etdiyi tenderin qalibi "Azin construction" şirkəti olub.

Şərtlərə əsasən, icra hakimiyyətininin yeni binasının həyətində hündürlüyü 2 m-dən artıq olan 265 ədəd Eldar şamı, hündürlüyü 1 m-dən artıq olan 51 ədəd konsipais (zəfəranlı yolka), hündürlüyü 2 m-dən artıq olan 10 ədəd Limonu yolka, hündürlüyü 2 m-dən artıq olan 10 ədəd Kiparis və 2800 ədəd Dekabr gülləri əkiləcək.

İcra Hakimiyyəti isə bunun müqabilində sözügedən şirkətə 15.879,26 manat ödəyəcək.

Qeyd edək ki, Şəki RİH-in başçısı Elxan Usubovdur. O, 16 ildir ki, icra başçısı vəzifəsində çalışır. 2007-2011-ci illərdə Ağstafanın icra başçısı olub, 2011-ci ildən bəri isə Şəkinin icra başçısı vəzifəsində çalışır.