Füzulidə növbəti əmək yarmarkası təşkil olunub.

Bu barədə İqtisadiyyat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işsiz və işaxtaran şəxslərə 20 müəssisədən 300-ə yaxın vakansiya təqdim olunub:

"Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Agentlik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə növbəti əmək yarmarkası təşkil olunub.

Tədbir çərçivəsində işəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş əraziləriimizdə həyata keçirilən məşğulluq tədbirləri, işəgötürənlərə dəstək layihələri barədə ətraflı təqdimat edilib.

Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat çatdırılıb.