İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri) məhsullarına dair yeni dövlət standartı qəbul edilib. Bildirilir ki, yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə hazırlanıb. Sözügedən standartın qəbulu ilə istehlakçıların daha keyfiyyətli və təhlükəsiz quş əti ilə təmin olunması gözlənilir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, quş əti və quşçuluq üçün standartlar sovet vaxtından qalma olduğu üçün müasir tələblərə cavab verməyib.

Onun sözlərinə görə, yeni dəyişiklik quşun hissələrinin – boyun, ayaq, daxili orqanlarının ayrıca məziyyətlərini xarakterizə edir: “Bununla yanaşı, onun hazırlanması, buraxılma tarixi, saxlanma müddəti, saxlanma temperaturunu və digər məsələləri əhatə edir. Bu standartlara əgər əməl olunarsa, istehsal olunan quş ətlərinin xarici bazara çıxma imkanları genişlənəcək. Şübhəsiz ki, yeni standartda əvvəlkilərdən fərqli olaraq sanitar-gigiyenik normalar nəzərə alınıb. Həmçinin məndə olan məlumata görə, quşların kəsim müddəti 35-42 gün arasında müəyyən olunub”.

E.Hüseynov bildirib ki, ümumilikdə, quş ətinin bükülməsi, markalanması, saxlanma müddəti, saxlanma şəraiti və s. qaydalara dəyişiklik olunub. O vurğulayıb ki, bunların hamısı ümumilikdə istehlakçıların daha təhlükəsiz quş əti ilə təmin olunmasına, eləcə də bu məhsulların xarici ölkələrə çıxarılmasına gətirib çıxaracaq:

“Standartın qəbul olunmasında ilk təşəbbüskar Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olub. Lakin verilən məlumata görə, əvvəl onların hazırladığı sənəd çox bəsit olub. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu məsələyə qarışıb. İnstitut Quşçular Assosiasiyası və Standartlaşdırılma İnstitutu birlikdə bu standartı hazırlayıblar. Bu standart daha təhlükəsiz quş ətinin istehsalına gətirib çıxaracaq”.

 

Sadiq Cavadov