Hindistanda Tamil Nadu ştatının şimalındakı Sulur aviabazasında müxtəlif ölkələrin təyyarələrinin iştirak etdiyi irimiqyaslı Hərbi Hava Qüvvələrinin "Tarang Shakti 2024" hərbi manevrləri başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Təlimin açılış mərasimi çərçivəsində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Tejas qırıcısı Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" və "Rafale" təyyarələrinin şərti hücumunun qarşısını alıb.

Təlimin hazırkı mərhələsi avqustun 14-dək davam edəcək, ikinci mərhələ avqustun 29-dan sentyabrın 14-dək nəzərdə tutulub. 10 ölkədən 150-yə yaxın təyyarənin iştirak edəcəyi gözlənilir. Daha iyirmi dövlət müşahidəçi qismində dəvət olunub.

Birdən çox xarici hava qüvvələrinin iştirak etdiyi sonuncu belə manevr 1963-cü ildə "Şikşa" təlimləri olub. Bu təlimlərdə ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi hava qüvvələri iştirak edib.