“Bu il ixtisas seçiminin nəticələri açıqlandıqdan sonra keçid ballarının artırılmasının şahidi olacağıq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, balların artımı bütün ixtisaslara aid olmasa da, müəyyən qədərini əhatə edəcək: “Bunun birinci səbəbi blok imtahanlarının hər iki cəhdində abituriyentlərin həddindən artıq aşağı nəticə göstərməsidir. Bu, əsasən aşağıballı ixtisaslarda keçid balının daha da artmasına və zəif nəticə göstərən bir çox gəncin durumunun xeyli çətinləşməsinə gətirib çıxaracaq”.

Ekspert bildirib ki, məsələnin digər tərəfi isə 100 ballıq həddi keçə bilməyənlərin sayının bu il həddindən artıq çox olmasıdır: “Bilirik ki, 100 ballıq həddi aşılmayanda abituriyentlər hər ixtisas qrupu üzrə yalnız bir neçə ixtisası seçə bilərlər. Məsələn, birinci ixtisas qrupunda ekologiya mühəndisliyi, meliorasiya mühəndisliyi, balıqçılıq, şərabçılıq, yer quruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik kimi ixtisasları, ikinci qrup üzrə beynəlxalq münasibətlər, marketinq, turizm işinin təşkili kimiləri seçə bilərlər”.

Təhsil mütəxəssisinin sözlərinə görə, eyni qayda həm üç, həm də dördüncü qrup üçün keçərlidir: “O qruplarda da bəlli saylı ixtisaslari seçmək mümkündür. Bu il məhz həmin ixtisaslarda həddindən artıq rəqabətlər artacaq. Yüksəkballı ixtisaslarda isə əksinə keçid ballarının artımı gözlənilmir. Hətta bəzilərində azalmanın da şahidi ola bilərik”.

E.Nuri bu il həmçinin İT əsaslı ixtisaslarda da keçid ballarında artımın gözlənildiyini söyləyib: “Çünki ötən ildən fərqli olaraq bu il informatika fənnindən imtahan verərək, Rİ altqrupu üzrə də ixtisas seçimi edənlərin sayı həddindən artıq çoxdur. Üstəlik, blok imtahanlarındakı zəif durum da bu rəqabəti ikiqat artıracaq”.

Qeyd edək ki, rəsmi məlumata görə, builki keçid ballarında dəyişikliyin olacağı gözlənilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-u başlayıb 19-na kimi davam edəcək. Sonrakı mərhələdə kolleclərə də ixtisas seçimi elan olunacaq.

 

Sadiq Cavadov