Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqına (Aİ) yaşıl enerji ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən ilk görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov deyib.

“Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya yaşıl enerji ixracı məqsədi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində irəliləyişlər var. Tərəflər arasında layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırma razılaşdırılıb.

Eyni zamanda, tərəflər yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətnini razılaşdırıblar”, - deyə o vurğulayıb.

 

Gözəl Həşimova