ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,3% azaldaraq, bir barel üçün 86,37 dollardan 84,44 dollara endirib.

İqtisadiyyat.az xəbər verir ki, departament bununla yanaşı, ilin sonuna kimi Brent kotirovkalarının bir barel üçün 85-90 dollar səviyyəsinə qayıdacağını gözləyir. 

"Son günlərdə qlobal iqtisadiyyatla bağlı bazar narahatlıqları neft qiymətlərini aşağı salsa da, biz hələ də OPEC+ neft hasilatının azaldılmasının növbəti üç rüb üçün qlobal ehtiyatları azaldacağını və qiymətləri yüksəldəcəyini gözləyirik", - məlumatda qeyd edilib.

2025-ci ildə Brent neftinin qiymətinin bir barel üçün 85,71 dollar təşkil edəcəyi gözlənilir ki, bu da əvvəlki proqnozdan 3,4% aşağıdır. WTI markalı neftin qiyməti 2024-cü ildə 80,21 dollar/barel, 2025-ci ildə isə 81,21 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər azaldıb (sutkada 20 min barel). 2025-ci ildə də gözlənilən neft hasilatının həcmi sutkada 80 min barel azalaraq 13,69 milyon barelə endirilib.