Baş DYP İdarəsi Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan İqtisadiyyat.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Qeyd olunub ki, Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.
Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
***
12.27
Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.
***
12.03
Bakı-Quba yolunda iki avtobusun toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Belə ki, 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus digər sərnişin avtobusu ilə toqquşub.
Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.