Ölkədə avtomobillərin icbari sığortası üzrə fəaliyyət göstərən sığorta vasitəçilərinin vətəndaşları etik olmayan kommunikasiya üsulları ilə təngə gətirməsi hələ də dövrümüzün aktualdır.

Müxtəlif və eyni sığorta agentlikləri tərəfindən avtomobil sahiblərinə ard-arda gələn zənglər nəinki, onların rahatlığını pozur, hətta gərgin anlar da yaşadır. İnsanların şəxsi məlumatlarının və əlaqə vasitələrinin sığorta vasitəçilərinin əllərinə necə keçməsi də ayrı suallar yaradır.

Məlum mexanizim nə dünənin, nə də bu günün problemi deyil. Artıq uzun zamandır ki, adiyyatı qurumların məsuliyyətsiz yanaşması məsələni günümüzə qədər gətirib. Ümumilikdə isə COVİD-19 pandemiyasının səbəb olduğu maddi sıxıntılar da sığorta sahəsindəki dələduzluq faktlarını birə-beş artırıb.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov şəxsi məlumatların oğurlanması ilə bağlı təhqiqat və araşdırma aparılmalı olduğunu bildirir:

“Neçə illərdir davam edən bu problemlə bağlı nə İcbari Sığorta Bürosu (İSB), nə də maliyyə bazarlarına nəzarəti həyata keçirən Mərkəzi bank məşğul olmur. Bu çox problemli məsələdir. Nəzarət olmadıqda da şəxsi məlumatlar sığorta vasitəçiləri tərəfindən oğurlanır.”

Ekspert bildirir ki, ötən il Mərkəzi bank bir neçə sığorta şirkətini ləğv etdi. Bununla da bazardan çıxan şirkətlər portfellərini digər agentliklərə ötürdü.

“İşsiz qalan sığorta vasitəçiləri başqa sığorta şirkətlərinə getdilər və onlar da əldə etdikləri bazalardan bu şəkildə yararlandılar. Haqlı vətəndaş narazılığı da əsas bu kimi problemlərdən qaynaqlanır. İSB və Mərkəzi bank bu prpoblemin qarşısını təcili şəkildə almalıdır.”

Məlumat üçün bildirək ki, bu məsələ ilə bağlı qanunda konkret hər hansı bir qadağa, hüququ tənzimləmə olmadığı üçün bəzi işbazlar da bundan rahat şəkildə yararlanırlar.