Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatla Azərbaycanın son onilliklərdə məhsuldar əməkdaşlığı və Bankın dəstəyi ilə həyata keçirilən bir çox layihələr ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının təqdimatında, "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif iqtisadi məsələlərin həlli yollarının tapılmasında, bu və ya digər sosial-iqtisadi problemlər üzrə konseptual baxışların formaşdırılmasında və dayanıqlı, şaxələndirilmiş iqtisadi inkişafla bağlı ölkəmiz üçün aktual olan məsələlərin kompleks həllində həmişə beynəlxalq təşkilatlarla, xüsusilə də Dünya Bankı ilə əməkdaşlığa və məsləhətləşmələrə xüsusi önəm verir. Bu kontekstdə və son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda Dünya Bankı kimi nüfuzlu bir maliyyə qurumunun ildə iki dəfə dərc olunan “Qlobal İqtisadi Perspektivlər” kimi çox vacib bir hesabatının cari il üzrə iyun buraxılışının təqdimat mərasimində iştirak etməkdən məmnun olduğumu bildirirəm. Çox sevindirici haldır ki, bu təqdimat ilk dəfə olaraq Azərbayanda, Bakı şəhərində keçirilir, bu təşəbbüsə görə, Dünya Bankına dərin təşəkkürümüzü bildiririk".

"Hər birimizə məlumdur ki, son dövrlər müharibə və sanksiyalar səbəbindən qlobal təchizat, nəqliyyat-logistika və dəyər zəncirində baş verən “sınmalarI və bu səbəbdən qlobal iqtisadiyyatda və maliyyə sistemində yaranmış gərginlik COVİD-19 qlobal pandemiya dövründəkindən daha kəskin xarakter alıb. Azərbaycanın son illərdə qlobal iqtisadiyyata yüksək inteqrasiyası eyni zamanda qlobal iqtisadiyyatdan gələn təsirlərə də adekvat reaksiyanı zəruri edir. Orta və uzunmüddətli dövrdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışların adekvat şəkildə qarşılanması, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artım templərinin təmin olunması, dövlətimiz üçün yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə ölkənin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası təsdiq edilmiş və onun icrası uğurla start götürüb. Hər bir strategiyanın urğula həyata keçirilməsinin ən mühüm şərtlərindən biri də qlobal iqtisadiyyatdan gələn həm risklərin, həm də imkanların vaxtında və düzgün dəyərləndirilməsi və daxili iqtisadi siyasətdə nəzərə alınmasıdır. Bu baxımdan, son vaxtlar dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artması, qlobal iqtisadi fəallığın aşağı enməsi və risklərin güclənməsi şəraitində beynəlxalq təşkilatların təhlillərin və tövsiyələrinin yaxından izlənilməsinin əhəmiyyəti daha da artıb", - deyə nazir müavini qeyd edib.