Koronavirus pandemiyası istər dünyada, istərsə də Azərbaycanda avtomobil bazarına zərbə vurdu. Bu həm ölkədə fəaliyyət göstərən ikinci əl avtomobil bazarlarında, həm də müxtəlif avtomobil salonlarının fəaliyyətində hiss olundu.

Beləliklə, avtomobil almaq istəyənlər daha çox onlayn alqı-satqı platformalarına üz tutdular. Uzun bir aradan sonra bu bazar və salonların fəaliyyəti yenidən bərpa olunsa da, fəallıq hiss olunmadı. Belə demək olarsa, bu aylar ərzində onlayn bazar real bazara qalib gəldi.

Hətta bazarda çalışanlar da etiraf etdi ki, ağır karantin şərtlərindən sonra fəaliyyətini bərpa edən bazarda qiymətlər fantastic dərəcədə artıb. Bu tendensiya hətta Rusiya istehsalı olan avtomobillərdə də hiss olunur. Hətta 1985-1986-cı illərin “Vaz-2106” modelinin 4 000-5 000 manata satılması halları da müşahidə olunur.

Mövzu ilə bağlı fikrini öyrəndiyimiz avtomobil eksperti Ruslan Quliyev bildirdi ki, bu bazarı tamamilə sıradan çıxmış kimi təqdim etmək düzgün deyil. Amma əlbəttə ki, ilk gözlə görünən fərqləri ekspert də danmadı. Əsas fərqlərdən biri kimi Gürcüstandan gətirilən avtomobillərin bazarda populyarlığını itirməsini göstərdi. Bunun səbəbi kimi isə məlum şərtlərə görə sərhədlərin bağlı olması bildirildi. Ekspert hesab edir ki, sərhədlər açılandan sonra da həmin bazar əvvəlki səviyyəsinə qayıtmayacaq. Bunun əvəzində maşın ticarəti ilə məşğul olanlar üçün yeni bazarlar açılıb:  Almaniya və Yaponiya.

Bu bazarlardan ölkəyə birbaşa gətirilən avtomobillər arasında isə üstünlük əsasən hibrid tipli maşınlara məxsusdur

Fins.az paytaxtda fəaliyyət göstərən avtosalonlarda apardığı araşdırma nəticəsində məlum olub ki, karantin rejimin yumşaldılmasından sonra vəziyyət bir az yaxşılaşıb.

Məlumata görə, karantin rejimin bəzi məhdudiyyətləri aradan qaldırılandan sonra satışlar yüksəlməyə başlayıb, amma hələlik əvvəlki aylarla müqayisədə zəifdir.

Qeyd olunub ki, hazırda avtomobillərin qiymətində endirim yoxdur.