Fransa Prezidenti Emmanuel Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Həftəlik qəzetin yazdığına görə, Fransa lideri Baş nazir postuna siyasətçi olmayan şəxsi təyin edə bilər. Nəşr qeyd edir ki, yeni komandanın formalaşması zamanı indiki nazirlərin öz postlarında qalması mümkündür. 

Daha əvvəl "Agence France-Presse" Yelisey Sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini respublikanın yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib. İclasda o, növbədənkənar parlament seçkilərində birinci yeri tutan solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lusi Kaste ilə söhbət edə bilər. Eyni zamanda, "Le Journal du Dimanche" qeyd edir ki, Kastenin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Qəzet davam edir ki, mümkündür ki, Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə etsin.