Hindistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Maharaştra ştatında meşəlik ərazidə keçirdiyi əməliyyat zamanı azı 12 silahlını öldürüb.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. 

Məlumata görə, hərbiləşdirilmiş polis bölmələri Qadçiroli rayonundakı ərazidən ekstremistləri təmizləyir.

Polis 15 nəfərlik silahlı qrupun Çhattisqarh əyaləti ilə sərhəd yaxınlığındakı Vandoli kəndi yaxınlığında düşərgə salması barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları düşərgəni mühasirəyə alıblar və insident altı saatdan çox davam edib.

Qarşıdurma zamanı bir polis müfəttişi və bir sıravi yaralanıb. Onlar xəstəxanaya aparılıb.

Hindistanda daha çox naxalitlər kimi xatırlanan Kommunist hərəkatların davamçıları (maoçular) 1960-cı illərdən bəri ölkədə fəaliyyət göstərirlər. Onlar Maoizm və Marksizm-Leninizmin öz versiyalarını təbliğ edirlər və hazırda Hindistanın 28 əyalətindən 14-də fəaliyyət göstərirlər. Naxalitlər deyirlər ki, onlar yoxsul kəndliləri "kapitalist zülmündən" azad etmək niyyətindədirlər və tez-tez yerli əhalidən dəstək alırlar. Ekstremistlər cəngəllikdə gizlənir və kəndlərə, məmurlara və polisə hücum edirlər. Yeni Dehli maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.