Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərlərindən və fəallarından ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli və Şuşaya səfər ediblər.

Bu barədə İqtisadiyyat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Füzuliyə gedərkən qonaqlar dağıdılmış, viran qoyulmuş kəndləri görüb vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar aparılan yenidənqurma və təmir-bərpa işlərini təqdir ediblər.

Nümayəndə heyətinin Azərbaycana səfərinin şüarına uyğun olaraq “Prezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açılışını etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.

Nümayəndə heyəti daha sonra Şuşaya yola düşüb. Burada da erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdiyi vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar “Güllələnmiş heykəllər” abidəsi, Yuxarı Gövhər Ağa məscidi, İsa Bulağı, Vaqifin məqbərəsi, Cıdır Düzü və digər görməli yerləri ziyarət ediblər. Heyət tərəfindən Cıdır Düzündə böyükölçülü bayraq açılaraq dalğalandırılıb və xatirə şəkli çəkdirilib.