ABŞ-ın bir neçə ştatının baş prokurorları “Google” şirkətinə qarşı onlayn reklam bazarında haqsız rəqabətlə bağlı iddia qaldırıb.

WSJ xəbər verir ki, iddiaya görə, şirkət yürütdüyü strategiya və bazardakı mövqeləri nəticəsində reklam sifarişlərinin 80 faizini götürür. 2018-ci ildə isə ölkədəki onlayn reklam bazarının 75 faizi “Google”nin payına düşürdü.

İddia ərizəsində “Bell”, “Elmo”, “Poirot” kod adlı proqramlar sayəsində şirkətin satışlarını 1 milyard dollardan çox artırdığı bildirilir. Bununla yanaşı, “Google”nin komisiya haqları rəqiblərinkindən 2-4 dəfə çoxdur. Həmçinin cavabdehlərin reklam nümayişi ilə bağlı başqa saytların imkanlarını məhdudlaşdırdığı da irəli sürülür.

“Google” şirkətindən isə iddianın qeyri-səlis məlumata əsaslandığını, tətbiq etdikləri komisiya haqlarının isə sahə üzrə orta rəqəmdən az olduğunu bildirilib.