Azərbaycan hökuməti olaraq Dayanıqlı İnkişaf Məqsədlərilə (DİM) əlaqədar BMT-nin transformasiyasını yüksək qiymətləndirir və bunun bəşəriyyətin bu günün və gələcəyi üçün əhəmiyyətini etiraf edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

O bildirib ki, 2015-ci ildən bu yana həyata keçirilən bu konsepsiyada Azərbaycan iştirak etməklə öz töhfəsini verib:

"Azərbaycan bu günə qədər bu istiqamətdə üç könüllü milli hesabat təqdim edib. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Dünyada üç könüllü milli hesabat təqdim edən ölkə çox deyil. Lakin bizim yanaşmamız təkcə bundan ibarət deyil. Burda ən düzgün yanaşma odur ki, BMT-nin qlobal layihəsinin tam mahiyyətinə uyğun Azərbaycan özünün milli inkişaf strategiyasına uyğunlaşdırmaq yolu seçib. Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyası BMT-nin qlobal layihəsinin qoyduğu tələblərə uyğunlaşdırılıb. Bundan sonra bizim inteqrasiyanın dərinləşdirilməsi istiqamətində addımlarımız olacaq".

Ə. Əhmədovun sözlərinə görə, BMT-nin bu layihəsinin qəbul olunmasından təxminən 8 il keçib, lakin bu müddət ərzində nəzərdə tutulan nailiyyətlərin əldə edilməsi istiqamətində öyünmək üçün əsas verəcək nailiyyətlər əldə edilməyib: "Ola bilsin bunun müxtəlif obyektiv səbəbləri var. Bura pandemiya, müharibələr və digər səbəblər aiddir. Bunların hamısı qlobal layihənin həyata keçirilməsinə ciddi təsir göstərib. Bu illər ərzində BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri də Azərbaycan olub.

Azərbaycan işğal altında olan torpaqlarını azad edib və bununla milyonlarla qaçqının statusu dəyişməklə BMT-nin layihəsinə öz töhfəsini verib. Amma bizim həmin torpaqlarımızda infrastruktur tamamilə darmadağın edilib. Bu da dünyamızın transformasiya ilə əlaqədar ortaya çıxan ən ciddi problemlərindən biridir".