Aktivlərinə görə ABŞ-nin ikinci ən böyük bankı olan “Bank of America” ikinci rübdə xalis mənfəətini 6,9% azaldıb, gəlirini isə 0,7% artırıb.

İqtisadiyyat.az bankın hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının aprel-iyun aylarında xalis gəliri 6,897 milyard dollar və ya hər bir səhm üçün 83 sent olub.

Ötən ilin eyni dövründə isə bu göstərici 7,408 milyard dollar və ya hər bir səhm üçün 88 sentə bərabər olub. Bankın gəlirləri 25,377 milyard dollara yüksəlib.

Bankın xalis faiz gəliri rübdə 3,2% azalaraq 13,7 milyard dollara enib. Çünki yüksək depozit dərəcələri artan aktivlərin gəlirliliyini kompensasiya edib və kredit artımını aşağı salıb.

Maliyyə hesabatlarına görə, “Bank of America”nın kapital bazarları bölməsindən əldə edilən gəliri 12% artaraq 5,46 milyard dollara çatıb.

Kredit təşkilatının pərakəndə bankçılıq gəliri 3% azalaraq 10,2 milyard dollar, depozitlərin orta həcmi isə 6% azalaraq 949 milyard dollar təşkil edib.

Həmçinin bankın sərvətlərin və investisiyaların idarə edilməsi biznesi keçən illə müqayisədə 6% artaraq 5,6 milyard dollar gəlir əldə edib. Qlobal bank gəlirləri 6% azalaraq 6,1 milyard dollar olub.

Bankın 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı (CET1) iyunun sonunda əvvəlki üç ayda olduğu kimi 11,9% təşkil edib. Bir il əvvəl isə bu, 11,6%-ə bərabər olub.

Aprel-iyun aylarında bank dividend ödənişləri (1,9 milyard dollar) və səhmlərin geri alınması (3,5 milyard dollar) hesabına səhmdarlara 5,4 milyard dollar qaytarıb.

Bu ilin əvvəlindən “Bank of America”nın bazar dəyəri 24,4% (327,6 milyard dollara qədər) artıb.

 

Sadiq Cavadov