Aşura günü keçirilən qanvermə aksiyası zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib.

Bu barədə İqtisadiyyat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bu gün Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.