Yay fəslinin qarşıdan gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov İqtisadiyyat.az-a bildirib ki, qlobal iqlim dəyişməsi demək olar ki, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir. Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. Ölkəmizdə də iqlim dəyişikliyinin təsiri  son illər ərzində daha qabarıq hiss olunmaqdadır. 

“Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında,  həm də bölgələrdə havanın  temperaturunun  iqlim normasından yüksək olacağı,  ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi  ehtimal olunur.  Yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə  iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır. Ümumilikdə iyul-avqust ayları ölkəmizin yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur”. 

N.Mahmudov qeyd edib ki, qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.