Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib. Ermənistan və Rusiya bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirsə də, Azərbaycan bunun öz suveren və legitim hüququ olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi "yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini" təmin edəcək.

 

 

Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutması isə sərhəddə vəziyyəti yenidən dəyişib. Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan sərhədçilərinin Ermənistan ərazisində Azərbaycan bayrağını sancmaq cəhdinin qarşısının alındığını bildirib. Xüsusən də Azərbaycan və Ermənistan arasında Vaşinqton, Brüssel və Moskvada keçirilən silsilə danışıqların ardınca atəşkəsin pozulması barədə xəbərlərin arası kəsilmir. Erməni mətbuatı Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsindən fotolar paylaşaraq Azərbaycan tərəfinin növbəti savaşa hazırlaşdığını bildirir. 

 

 

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanmaması fonunda yeni müharibə başlaya bilər:

"Ermənistan tərəfinin media resurslarında Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı şəkillər paylaşaraq Azərbaycanın müharibəyə hazırlaşdığını iddia etməsinin heç bir əsası yoxdur. Sadəcə olaraq Azərbaycan tərəfi təhlükəsizlik naminə sərhədə nəzarət edir. Əgər Ermənistan yeni müharibədən çəkinirsə, o zaman sülh müqaviləsini imzalamalıdır. Müqavilədə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi var. Ermənistanın sülh müqaviləsini imzalamaması onu deməyə əsas verir ki, yeni müharibəni Ermənistan tərəfi istəyir. Bu gün Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dayanıb. Çünki Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı ifadələr işlətməklə, vaxtı uzatmağa çalışır. Halbuki Azərbaycan tərəfi həm sülh müqaviləsi, həm də Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini ortaya qoyub". 

 


Sərhəddə yaşanan hazırkı gərginlikdə Rusiyanın əlinin olduğunu ehtimal edən politoloq Kamran Məmmədliyə görə,  Ermənistan tərəfinin Azərbaycanın şərtlərini qəbul etməkdən imtina etməsi müharibə ehtimalını artırır:

"Bildiyiniz kimi, Rusiya bölgədə ABŞ və Qərbin təşkilatçılığı ilə keçirilən istənilən prosesə mane olmaqa çalışır. Bundan öncədə dəfələrlə Aİ-nın vasitəçiliyi ilə Praqa, Brüsel və Vaşinqton görüşlərində sülh üçün bir ümid yaransa da, ardınca gələn Moskva görüşləri yenidən başlanırdı. Görünən odur ki, Moskva Bakı ilə İrəvan arasında təmasların və dialoqun açıq şəkildə əleyhinədir. Rusiya Ukraynada bütün dünya tərəfindən təcrid olunmağına baxmayaraq, Cənubi Qafqazdakı rıçaqlarını əlindən buraxmaq istəmir. Çünki məsələnin sülh yolu ilə həlli Rusiyanın bu bölgədən uzaqlaşması ilə nəticələnə bilər. Ona görə də sərhəddə baş verən son təxribatların arxasında Rusiyanın olması istisna deyil. İndiki məqamda münaqişənin davamında maraqlı olan yalnız Rusiya və onun separatçı əlaltılarıdır. Rusiya həmin separatçılardan istifadə edərək daim vəziyyəti sülh masasından hərbi meydançaya aparmaq istəyir. Azərbaycan isə bu məsələdə ehtiyatlı olmalıdır. Çalışmalıyıq ki, təxribatlara uymayaq və məsələni sülh masasında həll edək. Əks halda ermənilərə dəmir yumruğu bir daha xatırlatmalı olacağıq. Bu xatırlatma Rusiyanın deyil, bizim istədiyimiz zamanda olmalıdır. Ermənistan yenə də Rusiyanın təsiri altına düşərək öz revanşist siyasətini davam etdirərsə və sülh sazişindən uzaqlaşarsa, şübhəsiz ki, yaxın zamanda biz öz ərazilərimizdə yeni genişmiqyaslı anti-terror əməliyyatlarına başlaya bilərik".

Gülşən Şərif