“Baş nazir “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edib. Yeni qaydalar nədir, hansı hallarda ödənişlər dayandırılacaq və sosial ödənişlərin məbləğinə necə təsir göstərəcək?

İqtisadiyyat.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında bu sual ətrafında paylaşım edib.

O bildirib ki, yeni qaydalar sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və bu baxımdan da qaydların 3-cü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır: “Qaydalara əsasən “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Bu müddət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı zamanı cəmi 5 iş günüdür. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni, həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir.

Sənəd həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir. Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunmuşdur”.

V. Bayramovun sözlərinə görə, qaydalara əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir: “Yəni, nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd eyni zamanda, sosial ödənişlərin ödənilməsinin dayandırılması qaydalarını da müəyyən edir. Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödənilmə vaxtinin bitməsidir. Digər tərəfdən, dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi halı baş verəndə, təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric ediləndə, şəhidin, o cümlədən vəfat etmiş “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olanda,  “Elektron məhkəmə” informasiya sistemində övladlığa götürmə ləğv olunanda və s. bir sıra digər hallarda ödənişlərin verilməsi dayandırılır”.

“Sosial ödənişlərin məbləğinə gəldikdə isə bu qaydalar ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri ya cənab Prezident tərəfindən imzalanan sərəncamlar, ya da birbaşa qanunla müəyyənləşir”, - V. Bayramov əlavə edib.