Son illərdə külək enerjisi bazarı sabitləşir və bazar əsaslı sistemə keçid edir ki, bu da dünyanın bəzi regionlarında siyasət boşluqları yarada bilər.

İqtisadiyyat.az-ın araşdırmasına görə, külək enerjisi dünyanın əksər bazarlarında rəqabətədavamlı, qiymətli enerji mənbəyinə çevrilib. Belə ki, qlobal külək enerjisi bazarının ölçüsü 2023-cü ildə 87,66 milyard dollara çatıb.

2021-ci ildə quruda və dənizdə quraşdırılmış küləyin orta çəkili dəyəri hər kilovat üçün müvafiq olaraq 1325 dollar və 2858 dollar təşkil edib. Digər bərpa olunan mənbələrin səmərəliliyinin artırılması, saxlama sistemlərində innovasiyalar və təkmilləşdirilmiş şəbəkə idarəetməsi yaxın gələcəkdə tam bərpa olunan enerji sektoruna nail olmaq ehtimalını daha da artırır.

Külək enerjisi bazarının əsas məqsədi qalıq yanacaqlardan asılılığı azaltmaq və istixana qazı emissiyalarını azaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadəni təmin etməkdir.

Çin quraşdırılmış külək enerjisi gücünə görə dünyada liderdir. Külək enerjisi qurğuları və planlaşdırılan layihələr inkişaf etməkdə olan bazarlarda daha güclüdür. Külək enerjisi dünyada ən sürətlə inkişaf edən enerji mənbələrindən biri olmaqda davam edir. Məlumata görə, 2021-ci ilə qədər dünyada quraşdırılmış külək enerjisi gücü 837 giqavata çatıb.

Araşdırmalara əsasən, külək turbinlərinin quraşdırılması və təmiri əhəmiyyətli kapital qoyuluşları tələb edir. Külək enerjisi texnologiyalarına qlobal investisiyalar 2022-ci ildə təqribən 175 milyard dollara çatıb. Son on ildə bu enerji növünə investisiyalar xeyli artıb. Belə ki, 2011-ci ildə külək enerjisinə investisiyalar sadecə 75,4 milyard dollar təşkil edib.

Ümumilikdə, Çin, ABŞ və Avropa bərpa olunan enerjiyə ən çox sərmayə qoyan regionlar hesab olunur.

Bəs 2011-ci ildən bəri külək enerjisinə nə qədər sərmayə qoyulub?

İllər

Sərmayə

2011

75,4 milyard dollar

2012

76,2 milyard dollar

2013

77,6 milyard dollar

2014

102 milyard dollar

2015

114 milyard dollar

2016

115,9 milyard dollar

2017

129,5 milyard dollar

2018

125,6 milyard dollar

2019

160 milyard dollar

2020

166,6 milyard dollar

2021

176,7 milyard dollar

2022

174,4 milyard dollar

 

Araşdırmalara görə, ən çox külək enerjisi istehsal edən ölkələrin siyahısı belədir:  Çin, ABŞ, Almaniya, Hindistan, İspaniya, Böyük Britaniya, Fransa, Brazilya, Kanada və İtaliya. Ən çox külək enerjisi ixrac edən ölkə isə 1,5 milyard dollar ilə Almaniyadır.

Bundan əlavə, ötən il Çin 38,1 faiz ilə külək enerjisi istehlakına görə dünyada lider ölkə olub.

 

Gözəl Həşimova