Bu gün Bakı-Quba yolunda iki avtobusun iştirakı ilə baş verən qəza insan itkisi ilə nəticələnib. Qeyd olunan hadisə son illər baş vermiş ağır avtobus qəzalarından biridir. Bundan əvvəllər də bir neçə nəfərin ölümü ilə nəticələnən ağır sərnişin avtobusu qəzaları baş verib.

İqtisadiyyat.az insan itkisi ilə nəticələnmiş dəhşətli avtobus qəzaları ilə bağlı hazırladığı materialı təqdim edir:

2017-ci ilin martın 9-da səhər saat 08:00 radələrində Bak-Sumqayıt yolunda "Ford" markalı mikroavtobus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Məlum olub ki, "ZİL" markalı yük avtomobili xarab olduğu üçün yolun hərəkət hissəsi sayılan sağ zolaqda park edilibmiş. Amma arxadan sağ zolaqla sürətlə hərəkət edən mikroavtobusun sürücüsü "ZİL"in park edilməsindən xəbərsiz olduğu üçün ona çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb. Bu hadisə ilə əlaqədar olaraq, "Ford"un sürücüsü Namiq Hüseynov 10 il azadlıqdan məhrum edilib.

2018-ci ilin oktyabrın 1-i saat 14:30 radələrində Binə qəsəbəsində dəmir yolu keçidində yük qatarı ilə 160 nömrəli marşrut avtobusu toqquşub. Belə ki, qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı həm sürücü Ə.Şirəliyev, həm də onu həmin gün tibbi müayinədən keçirilmədən reysə buraxan “Ayşən LTD” MMC-də dispetçeri Mübariz Fərəcov həbs olunub.

Unudulmaz dəhşətli qəzalardan növbətisi 2021-ci ilin oktyabrın 13-də səhər saatlarında aeroport yolunda baş verib. 19 yaşlı Mahmud Əzizovun idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobus yol kənarında dayanmış şəxslərin üstünə aşıb. Bu bədbəxt hadisə zamanı Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar olaraq, yük maşınının sürücüsü M.Əzizov 6 il müddətinə azadlıqdan məhrum edilib.

2024-cü ilin avqustun 2-də saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə bir nəfər hadisə yerindəcə ölüb, daha 18 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir neçə saat əvvəl baş vermiş bu hadisə hələ araşdırılır.