Qalıq yanacaq sənayeləşmiş müasir dünyamızın təməl daşıdır. Qlobal enerji istehlakının təxminən 80 faizi hələ də xam neft, təbii qaz və kömür kimi mənbələrdən gəlir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, qalıq yanacaqlar istilik və təzyiq altında milyonlarla il ərzində parçalanan ölü bitki və heyvan maddələrindən əmələ gəlir. Bu yanacaq növləri formalaşması üçün lazım olan vaxta görə bərpa olunmayan enerji hesab olunur.

Qalıq yanacağın istifadəsi qlobal istiləşməyə və iqlim dəyişikliyinə əsas zərbə hesab olunur. Nəticədə bir çox hökumət və qurumlar bu yanacaqlardan istifadəni azaltmaq üçün tədbirlər görürlər. Buna baxmayaraq, neft hasilatı gündəlik 100 milyon bareli ötərək, bütün zamanların ən yüksək səviyyəsində qalır.

Xam neft dünyada ən çox tələb olunan enerji mənbələrindən biridir. Beləliklə, neft sənayesi dünya iqtisadiyyatının ən güclü sahələrindən biridir. 2023-cü ilə qədər dünyada təxminən 1,57 trilyon barel sübut edilmiş xam neft ehtiyatı olub. Bu da rekord səviyyə hesab olunur. 1960-cı ildən başlayaraq, xüsusilə 1960-1970-ci illər arasındakı onillikdə neft ehtiyatlarında nəzərəçarpacaq artım müşahidə edilib.

Qlobal neft ehtiyatlarının həcmi artdıqca sübut olunmuş neft ehtiyatlarının regional balansı da dəyişib. 1960-cı illərdə dünya üzrə sübut edilmiş ehtiyatların 62 faizindən çoxu Yaxın Şərqdə olub. 2023-cü ilə qədər bölgənin sübut edilmiş ehtiyatları təxminən 55% təşkil edib.

Bəs dünyanın neft ehtiyatı illər ərzində necə dəyişib?

İllər

Neft ehtiyatının həcmi

1960

291,1 milyard barel

1970

548,4 milyard barel

1980

643,9 milyard barel

1990

992,9 milyard barel

2000

1 trilyon barel

2005

1,2 trilyon barel

2010

1,459 trilyon barel

2011

1,466 trilyon barel

2012

1,479 trilyon barel

2013

1,490 trilyon barel

2014

1,490 trilyon barel

2015

1,489 trilyon barel

2016

1,489 trilyon barel

2017

1,491 trilyon barel

2018

1,493 trilyon barel

2019

1,553 trilyon barel

2020

1,544 trilyon barel

2021

1,558 trilyon barel

2022

1,563 trilyon barel

2023

1,569 trilyon barel

 

Qeyd edək ki, ötən il dünyada neft tələbi sutkada 102,21 milyon barel təşkil edib. Bu, 2005-ci ildən bəri ən yüksək səviyyə hesab olunur.

Ekspertlər iqtisadi aktivliyin və bununla bağlı neft tələbinin bu ilin sonuna kimi artacağını gözləyirlər. Belə ki, bu il qlobal neft tələbinin gündəlik 104 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu da ötən ilki rekordu yeniləyəcək.

Bundan əlavə, OPEC qlobal neft tələbinin 2045-ci ilə qədər gündəlik 110 milyon barelə çatacağını proqnozlaşdırır, benzin və dizel kimi yanacaqların isə ən çox istehlak edilən məhsullar olaraq qalacağı gözlənilir. Dizel və benzinə tələbatın 2021-ci ildəki 27,6 milyon bareldən 2045-ci ildə 30,1 milyon barelə yüksələcəyi proqnozlaşdırılır. 2045-ci ilədək benzinə tələbatın 27,6 milyon barel olacağı proqnoz edilir.

 

Gözəl Həşimova