122 saylı Xankəndi seçki dairəsi 15 məntəqəni əhatə edir. Məntəqələrdən 4-ü Bakıda, biri Sumqayıtdadır. Qalan 10 məntəqə isə digər rayon və şəhərlərdə yerləşir. Dairənin Xankəndi şəhərində iki daimi və bir müvəqqəti məntəqəsi var. Dairə sırf Xankəndi şəhərini əhatə edir. Seçicilər həmin şəhərin sakinləridir. Dairə üzrə 80 yaşdan yuxarı seçicilərin sayı 140 nəfər, ilk dəfə səs verənlərin sayı isə 68 nəfərdir.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin dairə seçki komissiyasının sədri Ağalar Əliyev bildirib ki, sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilər ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər iki formada keçirilir. Bakı və Sumqayıt məntəqələrinin nümayəndələri treninqlərdə tam heyətlə iştirak edirlər. Rayonlarda yerləşən məntəqələrin nümayəndələri isə təlimə onlayn qaydada qoşulurlar. Treninqlər vasitəsilə həm təlimatlar verilir, həm də məntəqə üzvlərinin sualları cavablandırılır.