“Fərqli-fərqli internet provayderləri tərəfindən rabitə xətlərinin kustar üsullarla, primitiv şəkildə çəkilməsinin şahidi oluruq”.

Bunu müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, bununla bağlı standartlar hazırlanır: "Həm rabitə xətlərinin çəkilməsi, həm də kabel-kanalizasiya qurğularından istifadə qaydaları və başqa məsələlər bura daxildir. Bütövlükdə isə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKT Agentliyi) bu istiqamətdə görəcəyi bir sıra məsələlər var ki, hazırda bunların üzərində çalışırıq”.

Nazir müavini Azərbaycan internet bazarındakı vəziyyətə də aydınlıq gətirib:

“Azərbaycanda internet xidmətləri göstərən provayderlər lisenziyalaşdırılmır, bazar tam liberaldır. Liberallaşma bu məqsədlə aparıldı ki, bazarda daha çox iştirakçılar olsun. Amma biz bu gün nə görürük?! Bir çox hallarda internet provayderlərinin heç bir xidmət və ya keyfiyyət standartı yoxdur. Nəticədə sadə vətəndaş şikayətlərini bizə ünvanlayır. Ona görə də bizim yeni yaradılan və hazırda təşkilatlanma mərhələsində olan İKT Agentliyi qarşısına qoyulan əsas məqsədlərdən biri də bazarda mövcud olan bəzi dırnaqarası provayderlərin aşkar olunması, onların fəaliyyətinin düzgün tənzimlənmə alətləri ilə tənzimlənməsidir. Təbii ki, dediyiniz xəritələşmə [internet provayderlərinin yerləşməsi ilə bağlı xəritələşmə] və s. məsələlər bizim görməli olduğumuz işlər sırasındadır”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla müsahibənin tam mətni ilə buradan tanış olmaq olar