"Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsinə dəstək” tvinninq layihəsinin icrasına başlanılıb.

Bu barədə İqtisadiyyat.az a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, layihə yol təhlükəsizliyi sahəsində standartların, idarəetmənin, qurumlar arasında koordinasiyanın yaxşılaşdırılması, müvafiq qurumların işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının Avropa Qonşuluq Aləti çərçivəsində həyata keçirilir. 27 ay davam etdiriləcək layihə üçün 1 milyon avro qrant ayrılması nəzərdə tutulub.

Layihə ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”na əsaslanır. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planının əsas icraçı qurumlarından biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bu qurum həm də tvinninqin birbaşa benefisiarıdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin, Elm və Təhsil Nazirliyi və digər müvafiq qurumların da tvinninqdə aktiv iştirakı planlaşdırılır.

Tvinninqin məqsədi ölüm və ya ağır xəsarətlərlə, sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi, institusional imkanlarını və kadr potensialını təkmilləşdirməkdir.