"Türkiyə məhz öz maraqlarına uyğun qərarlar qəbul edir".

Bu sözləri Türkiyə parlamentinin gələn həftə üçün İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi ilə bağlı ehtimalı dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, rəsmi Moskva NATO-nun genişlənməsini istəmədiyi üçün sözügedən ehtimalın reallaşması Rusiyanın maraqlarına cavab verməyəcək:

"Əslində  İsveçin NATO-ya üzvlüyü məsələsi uzun müddət müzakirə olunub. Türkiyə indiyə kimi İsveçin terrorçuları dəstəklədiyini əsas gətirərək ratifikasiyanı dəstəkləmirdi. Lakin açıqlanmayan səbəblərdən biri Rusiya ilə münasibətlərə aid idi. Rusiya NATO-nun genişlənməsinin əleyhinədir. Türkiyə ilə Rusiyanın münasibətinin çox yaxşı olması nöqteyi-nəzərdən Ərdoğan İsveçin NATO-ya mümkün üzvlüyünü ləngitməyə çalışırdı. Sadəcə elə əsaslar gətirirdi ki, Rusiya və NATO ilə münasibətlər qorunurdu. Lakin bu yaxınlarda Türkiyə prezidenti Ərdoğan yeni şərtlə çıxış etdi. O bildirdi ki, Türkiyənin Avropa İttifaqına gedən yolunun açılması fonunda İsveçə yaşıl işıq yandırıla bilər. NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Ankara Aİ-yə üzv olmalıdır. Bu baxımdan gələn həftə üçün Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyi gözlənilir. Son günlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsini nəzərə alsaq, bu gözlənti reallaşa bilər". 


Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. İyulun 10-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib.

Gülşən Şərif