Tovuzda iki qadının ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub. 

Hadisə ilə bağlı Tovuz rayon İbrahimhacılı kənd Bələdiyyəsinin nümayəndəsi Fəzail Məmmədhəsənov məlumat verib. 

O bildirib ki, yanğın qısaqapanma nəticəsində baş verib və hadisədə ölən xanımlar qohum olublar:

“Yanğından gecə saat 02:56-da xəbərim oldu. Xanımlar həm qohum, həm də qonşu olublar. Yanğın Yaqut xanımın evində baş verib, o, tək yaşayırdı, həyat yoldaşı Oruc Quliyev də uzun müddət əvvəl dünyasını dəyişib, oğlunun birini gənc yaşda itirmişdi, digər oğlu isə Rusiyada yaşayır, ölkəyə tez-tez gəlmir. Yaqut xanım xəstə olub deyə Həqiqət xanım onun tək qalmasını istəməyib. 

Onların heç bir düşmənçiliyi yoxuydu, mehriban adamlar idi. Mən evə gedəndə gördüm ki, divarda elektrik xətləri yanıb, tüstüdən boğulub qalxa bilməyiblər. Saat 03:07-də polisdən zəng gəldi ki, bəs ölüm hadisəsi olub, ölənlər kimdir? Daha sonra bölmə rəisi, rəisin müavini, prokuror gəldi. Cənazələr saat 05:14-də ekspertizaya aparıldı, indi morqdadır, yəqin, dəfn mərasimi sabah olar, ancaq bu gün də olma ehtimalı var”.