Məlum olduğu kimi, bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 19-dək in­ter­­net vasitəsilə aparılır.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri İqtisadiyyat.az-a açıqlamasında bu il rəqabətin ötən illərə nisbətən daha çox olacağını söyləyib.

O, həmişəki kimi üçüncü ixtisas qrupu üzrə daha çox rəqabətin proqnozlaşdırıldığını bildirib. Ekspertin sözlərinə görə, bu il Azərbaycan təhsil tarixində ən çox plan yeri ayrılan il olsa da, yenə də abituriyentlərin göstərdikləri nəticələrə əsasən rəqabətin artacağı gözlənilir.

Mütəxəssis rəqabətin bütün qruplarda öz əksini tapacağını vurğulayıb.

E.Nuri deyib ki, ixtisas seçimi zamanı çox ciddi statistik datalara sahib olmaq lazımdır: "Eləcə də seçim zamanı ötənilki göstəricilərlə və plan yerləri ilə müqayisələr və analizlər aparılmalı, həmin analizlərin fonunda keçid balları proqnozlaşdırılmalı və təhlil olunmalıdır. Bütün bunlardan sonra ixtisasın kəmiyyət və keyfiyyət göstəriciləri, onun əmək bazarı üçün nə dərəcədə uyğunluğu, əmək bazarındakı mövqeyi, ümumiyyətlə ixtisasın universitetdəki nüfuzu, onunla abituriyentin daxili dünyası və hədəflər paketi arasındakı əlaqələr uyğunlaşdırılmalıdır. Bunlar həqiqətən də o qədər də asan olmayan proseslərdir".

Ekpsert təəssüflə vurğulayıb ki, ixtisas seçimi bəziləri tərəfindən yalnız toplanılan bala görə müəyyən sıralamanın aparılması prosesi kimi görünür: "Amma təbii ki, bu belə olmamalıdır. Burada bütün kriteriyalar nəzərdən keçirilməlidir. İxtisas seçən zaman abituriyentin özü də nəzərə alınmalıdır. Məsələn, övladımız 1-ci ixtisas qrupu üzrə 330 bal toplayıb. Jurnalda ötən il 330 ballıq ixtisasların hansılar olduğu müəyyənləşdirilir və ona yaxın olan ixtisaslar yazılır. Abituriyentin kadr kimi özünü görmək istədiyi bir ixtisas nəzərə alınmır. Belə olduqda universitetlərimizə çox uğursuz tələbələri göndərmiş olacağıq. Çünki abituriyentin tələbə adını qazanması ilə iş bitmir. Əmin olun, tələbə adını qazanmaq işin maksimum 10%-dir. Düzgün peşə seçimi ixtisas seçimindən başlayır. Hesab edirəm ki, ixtisas seçimi insanı təkcə karyeraya deyil, həm də xoşbəxt bir mexanizmə kökləməlidir. Buna görə də mən abituriyentləri bu məsələdə diqqətli olmağa çağırıram".

 

Sadiq Cavadov