"NATO üzvləri Ukraynadakı münaqişə bitdikdən sonra gələcək dövr üçün dünya nizamı məsələlərini müzakirə etməyə başlamalıdırlar". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Vaşinqtonda alyans sammitində çıxış edən Norveçin xarici işlər naziri Espen Bart Eyde deyib.

"Uğurlu sammit həlledici birlik nümayişi, uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləmək istəyinin qəti nümayişi, Ukraynadan kənarda problemlərin mövcudluğunun qəti şəkildə etirafı olardı. Biz indi yeni dünya nizamının necə olacağı barədə düşünməliyik", - deyən Eyde əlavə edib ki, sammit iştirakçıları transatlantik əməkdaşlığın həm ABŞ, həm də Avropaya fayda verdiyini də qəbul etməlidirlər.

Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyündən danışan Eyde vurğulayıb ki, bu, yalnız Kiyev və Moskva arasında qarşıdurma bitdikdən sonra mümkün olacaq, çünki alyans üzvləri davam edən münaqişə şəraitində hər hansı ölkəni birliyə daxil etmək niyyətində deyillər.