İsveçrənin ən çox iş yeri yaradan şirkəti olan Migros, ölkədə ciddi işçi çatışmazlığı yaşandığını və daha çox işçinin təqaüdə çıxması ilə gələcəkdə vəziyyətin daha da pisləşəcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Migros-un İnsan Resursları Meneceri Reto Parolini deyib ki, hər vəzifə üzrə işçi çatışmazlığı yaşayırıq. Əvvəllər heç vaxt bu qədər  işçi çatışmazlığı baş verməmişdi.

Parolini hazırda şirkətdə 1895 boş vəzifə olduğunu, işçi çatışmazlığının yaxın illərdə daha da pisləşəcəyini bildirib.

İsveçrə hökuməti son 20 ilə yaxın müddətdə ilk dəfə olaraq vakansiyaların sayının işsizlərin sayından çox olduğunu bildirib.

Rəsmi rəqəmlərə görə, İsveçrədə mövsümi təsirlər xaric işsizlik sentyabr ayında 2,1 faizdə sabit qalıb. Bu göstərici Avropada Norveçdən sonra ikinci ən aşağı göstərici kimi önə çıxır.

Hesab olunur ki, ölkədə problemin həllini tapmaq üçün qarşıdakı dövrdə hazırda 64 olan pensiya yaşına yenidən baxıla bilər.